Xaqani bağı Bakının Səbail rayonunda yerləşir. Park Üzeyir Hacıbəyov, Xaqani, Qoqol və Rəsul Rza küçələri ilə əhatələnir. Bağ orta əsr şairi Xaqani Şirvaninin şərəfinə adlandırılıb.
Bura, həmçinin Molokan bağı kimi də tanınır. 1850-ci illərdə bu ərazini müxtəlif bölgələrdən mal gətirən molokanların (xristianlığın pravoslav qolunun sektalarından biri) karvansarayları əhatə edirdi. 1870-ci illərdə şəhər rəhbərliyi burada bağ salmaq qərarına gəlir və molokanlar tamamilə şəhərin başqa rayonuna köçürülür. Park “Marinski bağı” adlandırılsa da, el arasında buraya “Molokan bağı” deyilir. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
Bağın layihələndirilməsi şəhər idərəsi tərəfindən diqqətsiz qalmışdır. Burada su təchizatı problemləri əmələ gəlmişdir. 1893-cü ilin “Kaspi” qəzetində bu haqda belə yazılmışdır: “Bakı yaşıllığın çoxluğu ilə öyünə bilməz, ona görə də xüsusi bağbanı olan və yeri gəlmişkən, şəhər bağlarına çoxlu pul xərcləyən şəhər idarəsinin bağa belə laqeyd yanaşması cinayətdən də ağırdır”.
Məqalədən bir ay sonra Marinski bağını suvarmaq üçün su borusu istismara verilmişdir. 1890-cı ildə bağın layihəsinə uyğun olaraq burada ağaclar əkilmişdir. Parkın mərkəzində isə fəvvarəli hovuz yerləşirdi. [https://azerhistory.com/?p=8230]
Sovet dövründə bağ əvvəlcə bolşevik Həşim Əliyevin adını daşıyıb. Sonra bura, Peterbuqda 1905-ci ildə baş verən “Qanlı bazar” hadisələrinə görə, 9 yanvar adlandırılıb. Burada uşaq bağçası da yerləşib. İkinci Dünya müharibəsi illərindən sonra bağ iki dəfə bərpa edilib. [Гасанова А. А. Сады и парки Азербайджана. Баку-1996]
1960-cı illərdə Bakının meri Əliş Ləmbəranskinin sayəsində parkda indi də mövcud olan “Üç gözəl” heykəli quraşdırılmışdır. Bu abidə 1990-cı illərdə dağıdılsa da, sonradan yenidən qurulmuşdur. Abidə üç elementi ifadə edir: günəş, hava və su. [Молоканский сад - Мариинский сквер - сад Ашума Алиева - сад 9-го января - сад Хагани — OurBaku]
1991-ci ildən park “Xaqani bağı” adlandırılmışdır. Bağ 2009 və 2011-ci illərdə təmir olunmuş, burada uşaqlar üçün attraksionlar quraşdırılmışdır.