21 iyul görkəmli xanəndə, Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür.
Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib.
Onun sənət yolu toylardan və el şənliklərindən başlayıb. Məmmədbağır adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
Xalq artisti 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat edib, Nardaran qəbiristanlığında dəfn olunub.