Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xankəndinin cənub ərazisində, Xanbağı kəndində anadan olub. Onun əsl adı Murtuza Məmmədovdur. Sənətkarın qeyri-adi səsi olduğundan xalq tərəfindən ona “Bülbül” təxəllüsü verilib. O, Azərbaycan professional vokal sənətinin banisi hesab edilir.
Bülbül 19 yaşında olarkən səhnə fəaliyyətinə başlayıb. O, 1920-ci ildən indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1927-ci ildə Bülbül Azərbaycan Dövlət Konservatoriyasının vokal kafedrasını bitirib. Daha sonra təhsilini davam etdirmək üçün sənətkar dövlət tərəfindən İtaliyanın Milan şəhərinə göndərilib. O, 1931-ci ildə təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi çalışmağa başlayıb və bu vəzifəni ömrünün sonuna kimi icra edib. [https://portal.azertag.az/az/encyclopedia/post/3396]
Bülbülün oynadığı əsas partiyalar sırasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Koroğlu, Əfrasiyab Bədəlbəylinin “Nizami” əsərində Nizami, Müslüm Maqomayevin “Nərgiz” operasında Əlyarı qeyd etmək olar. O, bir çox Azərbaycan bəstəkarlarının operalarında baş rolların ilk ifaçısı olub.
Bülbül həmçinin, Azərbaycan bəstəkarlarının romanslarının ilk ifaçısı kimi tanınıb. O, Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romanslarını, Asəf Zeynallının “Ölkəm” mahnısını, “Qara gözlər” və “Çal-oyna” xalq mahnılarını ifa edib.
[https://www.musicacademy.edu.az/solo-oxuma-gorkemli/336-murtuza-mamedov.html]
[https://qarabag.com/vandallardan-qurtarilan-abid%C9%99l%C9%99r-susaya-qaytarildi]
Sənətkar 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan əlavə, o, İki dəfə Lenin, iki dəfə Qırmızı Əmək Bayrağı, Şərəf nişanı və İtaliyanın Qaribaldi ordenləri ilə təltif olunub.
Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Həmçinin 2012-ci ildə Bakıda sənətkarın abidəsi ucaldılıb.
[https://president.az/az/articles/view/6500] [https://portal.azertag.az/az/encyclopedia/post/3396]