Çox qədim dövrlərdə Bakı yaxınlığında böyük bir kənd vardı. Bu kəndin əhalisi o qədər varlı, o qədər xoşbəxt yaşayırdı ki, hamının gözü onlarda idi. Bu xoşbəxtliyi Allah onlara məhəbbətlərinin saflığına, sədaqətlərinə görə veribmiş.
Bir gün burada iki cavana toy qurulur. Elə bu vaxt düşmən ölkənin adamları kəndin var-dövlətini ələ keçirmək üçün oranı mühasirəyə alırlar. Toy vaya çevrilir. Düşmən kənd əhalisini yaxındakı dağa doğru sıxışdırır. Çarəsiz qalan insanlar Allaha yalvarırlar ki, onların hər birini alov diliminə çevirsin.
Bu zaman möcüzə baş verir. Dağın ətəklərindən alov qalxmağa başlayır. Düşmən yaxınlaşdıqca alov daha da güclənir, ətrafa od saçır. Qəzəbli dağ, düşmənlərin keçə bilmədiyi bir səddə çevrilir. O vaxtdan bu dağın adı Yanardağ qalır.
Belə deyirlər ki, təzə həyat quran cütlüklər xeyir-dua almaq üçün Yanardağa gəlirlər. Əgər cavanlar təmiz ürəklə ailə qururlarsa, alov bir qızıl gül topasına çevrilir. Yox, əgər onların qəlbində səmimiyyət azdırsa alov şiddətlənir.
Yanardağ bu gün də öz möcüzələrini və qəzəbini yaşadır.
Mənbələr:
[caption id="attachment_9602" align="alignnone" width="696"] Foto açıq mənbədən[/caption]