Hazırda Bakı şəhərində, Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib.
Binanın damında dörd mələk fiquru var. İkisi meydana, ikisi isə arxaya - Xaqani bağına tərəf baxır.
“Mələklər”in binanın damına niyə qoyulması ilə bağlı müəyyən versiyalar var. Əsas versiyalardan biri budur ki, “mələklər”i Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, “mələklər” Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori.
Bina 1917-ci il oktyabr inqilabına qədər Sergey Tumayevə məxsus idi. Sovet dövründə binanı milliləşdiriblər və Yazıçılar İttifaqına veriblər. Bu binada ədiblər və nomenklatura işçiləri işləyib. Binanın tanınmış sakinləri şairlər Rəsul Rza və Nigar Rəfibəyli olub, binanın fasadında onların xatirəsinə lövhə quraşdırılıb.
2000-ci ildə baş verən zəlzələ zamanı “mələklər”dən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb. Mələyi yerinə qaytarıblar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.