XX əsrin əvvəllərində tikili səssiz kino göstərilməsi üçün kinematoqraf binası kimi inşa edilib. 1909-cu ildə yeni binanın memar İosif Ploşkonun layihəsi üzrə tikilməsinə başlanılıb. 1910-cu ilin iyununda kinematoqraf “Fenomen” adı ilə fəaliyyət göstərməyə başlayıb və 10 il ərzində kinematoqraf və kazino kimi istifadə edilib. Binanın fasadı dörd qədim yunan ilahələrinin heykəlləri ilə bəzədilmişdir.
O vaxtlar bu bina, şəhərin ən böyük kinematoqrafı idi və ən müasir texniki avadanlıqla təchiz edilmişdi. Kinoteatrın sahibləri çalışırdılar ki, “Fenomen”də nümayiş olunan filmlər yeni olsun və şəhərin digər kinematoqraflarında göstərilməsin.
1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun layihəsi üzrə binada əsaslı yenidənqurma işləri aparılmışdır və “Satiraqit” fəhlə teatrına çevrilmişdir. Elə həmin il heykəllər götürülmüşdür və onların yerləşdiyi taxçalar pəncərələrə çevrilmişdir. Daha sonra burada 1932-ci ilə qədər Bakı Türk İşçi Teatrı və Musiqili Komediya Teatrı fəaliyyət göstərmişdir.
Müharibə zamanı 1941-1945-ci illərdə bura “Müdafiə” kinoteatrı kimi fəaliyyət göstərmişdir. 1952-ci ildə binaya Lenin adına Kənd Təsərrüfatı Muzeyi köçürülmüşdür. Muzeydə kənd təsərrüfatı mövzularında mühazirələrin və filmlərin nümayiş olunduğu mühazirə zalı da var idi.
1965-ci ildən bu günə kimi binada Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Burada ilk tamaşa Mirvarid Dilbazinin “Göyçək fatma” əsəri olmuşdur.
1980-ci illərdə binada yenidənqurma işləri aparılmışdır və onun fasadının tarixi görkəmi bərpa olunmuşdur. Binanın damı və fasaddakı heykəllər geri qaytarılmışdır. 2007-ci ildə binada yenidən əsaslı təmir işlərinin aparılması zamanı, binanın qarşısına qoyulmuş heykəllər yenidən götürülmüşdür.
Mənbələr: