Mənsur Qulam oğlu Şirvani 5 mart 1919-cu ildə Bakıda anadan olub. [Azərbaycan Sovet Ensiklopediyası - X Cild. S. 542]
O, 1943-cü ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində Mənsur qəzet redaksiyasında fotomüxbir kimi çalışıb. Məktəb vaxtından illüziya sənətinə maraq göstərən Mənsur illər ərzində artist-manipulyator olmağı arzulayıb. [https://azerhistory.com/?p=35283]
O, 1948-ci ildən estradada, 1950-ci ildən isə sirkdə çıxış edib. 1952-ci ildən Azərbaycan sirk kollektivində çalışıb. Sənətkar milli geyimdə çıxış edirdi. [Azərbaycan Sovet Ensiklopediyası - X Cild. S. 542] [https://azerhistory.com/?p=35283]
Şirvani canlı çəpişin masada gözlənilmədən peyda olması, ipək yaylıqdan beş diri tutuquşunun çıxması və başqa bir çox orijinal hiylələrin müəllifi və ifaçısıdır. “Sovet sirki” jurnalının 1961-ci il buraxılışında Mənsur haqqında bunlar yazılıb: “Azərbaycan artisti Şirvani öz nömrələrini daha da təkmilləşdirir. Onun fəaliyyətində bir sıra özünəməxsus fokuslar var. Biri xüsusilə cazibədardır: boş masanın üstünü örtürdü, bir saniyə içində örtük götürülür və masada çəpiş peyda olurdu. Belə bir fənd, deyəsən, daha heç bir hoqqabazda yoxdur. [https://web.archive.org/web/20160630153929/http://www.peoples.az/art/circus/trainer-circus/mansur_shirvani]
1965-ci ildə sovet sirk artisti Vladimir Durov xəstələnir və Mənsur manipulyator kimi təcrübə keçərək Vladimirin attraksionunu qəbul edir. Mənsurun əvəzolunmaz köməkçiləri həyat yoldaşı Leyla Şirvani və qızı Cəmilə Şirvani olublar. Şirvani Monqolustan, Macarıstan, Çexoslovakiyada (indiki Çexiya və Slovakiya) qastrollarda çıxış edib. [https://web.archive.org/web/20160630153929/http://www.peoples.az/art/circus/trainer-circus/mansur_shirvani]
Mənsur həm də heyvan təlimçisi idi. Qızı Cəmilə 1979-cu ildə atası tərəfindən təlim olunmuş heyvanlar qrupunu qəbul etmişdir. Sonradan ekzotik heyvanlarla (fil, kenquru, lama, qızılqaz, meymun və s.) öz nömrələrini yaratmışdır. [https://web.archive.org/web/20160630153929/http://www.peoples.az/art/circus/trainer-circus/mansur_shirvani]
Şirvani 1967-ci ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülüb. [Azərbaycan Sovet Ensiklopediyası - X Cild. S. 542]
Mənsur Şirvani 15 iyun 1980-ci ildə vəfat edib və Moskvada, Mitinsk qəbiristanlığında dəfn edilib.