Villa Petrolea qəsəbəsi 1876-cı ildə Bakıda, indiki Xətai rayonunda, Qara şəhərin sərhədində salınmış qəsəbə idi. Bu qəsəbə, Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün yaradılmışdır.
Branobel şirkətinin işçilərini (o cümlədən Finlandiya, İsveç, Norveç və Almaniyadan dəvət olunmuş) bu bölgəyə cəlb etmək məqsədilə burada yaşayış üçün hər şərait yaradılmışdır. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana var idi. Şirkətin işçiləri bir və ya iki mərtəbəli taxta kotteclərdə yaşayırdılar. Kotteclərin otaqları azərbaycanlı və fars ustaların toxuduqları bahalı xalçalarla bəzədilmişdi. Hər kottecin pəncərəsi dəniz mənzərəsinə açılırdı.
1881-ci ildə burada Bakının ilk telefon xətlərindən biri çəkilmişdir.
Bundan əlavə, qəsəbədə klub, kitabxana, üzgüçülük hovuzu, tennis kortu, boulinq zalı tikilmişdir. 1911-ci ildən isə bir neçə idman klubları da fəaliyyət göstərməyə başlamışdır. [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]
1898-ci ildə qəsəbədə böyük park salınır. Bunun üçün Varşavadan (Polşa) təcrübəli bağban E.Bekle dəvət olunmuşdur. Buradakı neftlə çirklənmiş torpaq, Lənkəran qəzasından gətirilmiş torpaqla əvəz olunmuşdur. Parkda subtropik bölgələrdən gətirilmiş 80000-ə yaxın kol və ağac, o cümlədən meyvə ağacları əkilmişdir. Sankt-Peterburqdan bağ üçün heykəllər, kitabxanaya isə kitablar və rəsm əsərləri gətirilmişdir.
Sovet hakimiyyəti illərində, ərazi milliləşdirilir və 1931-ci ildə “Rote Fahne” (almanca Qırmızı bayraq) parkı kimi fəaliyyət göstərir. 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumundan sonra parkın adı dəyişdirilir və Nizami parkı adlandırılır. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX - начала XX веков. Баку-1978]
2000-ci illərə qədər “Villa Petrolea” ərazisində olan binalar baxımsız vəziyyətə düşüb. Nobellərin iqamətgahı və yaşayış evləri dağılmış, bəzi binalar sökülmüş, teatr və klub isə yanğın nəticəsində məhv olmuşdur.
2007-2008-ci illərdə “Bakı Nobel İrsi Fondu” Nobellərin iqamətgahını bərpa etmişdir. Bərpa işlərindən sonra keçmiş “Villa Petrolea” ərazisində Nobel qardaşlarının muzeyi, beynəlxalq biznes mərkəzi və Bakı Nobel Neft Klubu yaradılmışdır. [https://azerhistory.com/?p=5100]
[URIS id=30092]