Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilir. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Heydər Əliyev ilk dəfə 1969-cu ildə ölkəni idarə etməyə başladı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Bununla Sovet Azərbaycanının tarixində dönüş dövrü başlandı. Qısa bir dövr ərzində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb. Heydər Əliyev həmin ilin iyunun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb, oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyevin siyasəti nəticəsində ölkənin iqtisadiyyatı yenidən hərəkətə gətirilmiş və bu, Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına səbəb olmuşdur. Onun yeni neft strategiyasının nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmışdır. Həmçinin 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa neft kəmərləri açılmışdır və Azərbaycan nefti dünya bazarına çıxarılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-nin Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.