Qum hamamı Bakının Balaxanı qəsəbəsində yerləşir. Abidə memarlıq üslubuna görə XIV əsrə, Şirvanşahlar dövrünə aid edilir.
Yerli sakinlərin sözlərinə əsasən, bu abidə onillərlə torpaq altında qaldığına görə “Qum hamamı” adını daşıyır. Abidə 1970-ci illərdə aşkarlanıb və burada qazıntı işləri aparılıb. Ehtimal edilir ki, hamamdan Balaxanı sakinləri ilə yanaşı, indiki qəsəbənin ərazisindən keçən İpək yolunun yolçuları, tacirləri də istifadə ediblər. [https://aqreqator.az/az/cemiyyet/400081] [https://oxu.az/society/560805]
Hamam binası bir-biri ilə əlaqəli iki hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Buradakı dəhliz geyinmə, paltar saxlama və digər otaqlara aparır.
İkinci hissə isə böyük yuyunma zalıdır. Zalın mərkəzində geniş hovuz yerləşir. Tikilinin bu hissəsi günbəzlə örtülüb. Günbəz hamamın işıqlandırılmasını təşkil edir.
Böyük zallar binanın müxtəlif balaca otaqları ilə birləşir. Əsas zallar səkkizguşəli formadadır. Ətraf hissədəki otaqlar isə kvadrat və düzbucaqlı formalara malikdir. Küncdəki otaqların üstü çatma tağla örtülüb. Bu otaqların divarlarında hamamda çimən şəxsin əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş kiçik taxçalar var.
Binanın ətrafında yerləşən quyular hamamı su ilə təchiz edib. [Щеблыкин И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку-1943]
Hamamın ərazisində qazıntı işləri aparan mütəxəssislər ərazidən daş kömürə bənzəyən bir neçə parça aşkar ediblər. Buna əsaslanaraq, onlar hamamın kömürlə qızdırılmasını ehtimal edirlər. Lakin yerli sakinlər Qum hamamının neft və ya mazutla qızdırıldığını düşünürlər. [https://oxu.az/society/560805]
Qum hamamı ölkə əhəmiyyətli abidə hesab edilir.
[URIS id=107731]