Tağıyevin sarayı Bakının Tağıyev küçəsi (köhnə Qorçakovskaya), 4 ünvanında yerləşir. Bina Bakı şəhərinin baş memarı İosif Qoslavskinin layihəsi əsasında 1895-1901-ci illərdə inşa edilib.
Bina xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Saray Tağıyevin həyat yoldaşı Sona xanım üçün hədiyyəsi idi. Tikilinin bir neçə yerində Sona xanımın ad və soyadının baş hərflərinə rast gəlmək olar.
Binanın inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdır. Sarayın daxilindəki bütün avadanlıqlar Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Sarayın dekorasiyası üçün gətirilmiş 8 kq qızıldan 4 kq-ı tavanın naxışlarında istifadə olunub. Binanın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmişdir. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilmişdi.
Bina 100 otaqdan ibarət idi. Aşağı mərtəbədə Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki zal - Avropa və Şərq zalları, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşirdi. Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə 16 otaqdan ibarət idi. Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilmişdi. Binanın mərkəzində kiçik fəvvarə olan qış bağı da var idi. 1914-cü ildən sarayda Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da yerləşdirilir.
1920-ci ildə bolşeviklər Tağıyev sarayını müsadirə etmiş, onun bir hissəsini Dövlət Tarix Muzeyinə vermişdilər. 1941-1954-cü illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülmüş, binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı. Birinci mərtəbədə isə Texniki və Tibbi Sənədlər Arxivi yerləşdirildi. 2000-ci ildən Tağıyevin mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verildi. Həmçinin muzeyin nəzdində Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi də yaradıldı.
Tağıyev sarayı bir neçə dəfə təmir olunub və onun görünüşü dəyişdirilib. 2005-ci ildən sarayda əsaslı təmir və bərpa işləri aparılıb. Tağıyevin ailə fotoalbomu əsasında otaqların əvvəlki görkəmi bərpa edilib.