Nikolay Konstantinoviç Baybakov 7 mart 1911-ci ildə Sabunçuda anadan olub. Baybakovun atası Bakı neft mədənlərində fəhlə işləyib.
Nikolay Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra Bakı neft mədənlərində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Sonra o, "Leninneft" trestinin müdiri təyin edilmişdir. 1930-cu illərdən Baybakov Rusiyada bir sıra vəzifələri icra edirdi: SSRİ xalq neft sənayesi komissarı, SSRİ neft sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri, SSRİ Nazirlər Soveti sədrinin müavini, bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı və s. [Байбаков Н.К.Моя родина-Азербайджан. Москва-2001]
Böyük Vətən müharibəsi dövründə - 1942-ci ildə Baybakov şəxsən Stalinin əmri ilə ön və arxa cəbhənin yanacaq-sürtkü materialları ilə təchiz edilməsi üzrə müvəkkil vəzifəsinə təyin edilib. Baybakov yanacağın çıxarılması və lazımi yerlərə çatdırılması prosesini bütünlüklə tənzimləməyə nail olmuşdu. Sonralar o, tez-tez xatırladırdı ki, Böyük Vətən müharibəsində qələbə qazanılmasında Bakı nefti çox mühüm rol oynamışdır. O hesab edirdi ki, Bakı "Qəhrəman şəhər" adına layiq idi, lakin o vaxtkı SSRİ rəhbərliyi bu addımı atmadı. [Azər Nuriyev. Bakı – Qəhrəman şəhər. Kaspi. -2010. – 6 may. – S.4.]
Baybakov 200-ə yaxın elmi əsərin müəllifidir. Azərbaycanı həmişə öz Vətəni hesab edən Baybakov ölkəmiz haqqında bir neçə kitab yazmış və onlardan birini "Mənim Vətənim Azərbaycandır" adlandırmışdır. Dövlət xadimi uzun illər Rusiya-Azərbaycan Dostluq Komitəsinə rəhbərlik etmişdir.
Baybakov “Sovet İttifaqı Qəhrəmanı” adı ilə, 6 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı" və "Qırmızı Bayraq" ordenləri ilə təltif edilmişdir. O, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur. [Görkəmli dövlət xadimi N.K.Baybakovun xatirəsi yad edilmişdir. Azərbaycan.- 2010.- 9 aprel.- S.6]
Nikolay Baybakov 31 mart 2008-ci ildə Moskvada vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn edilib.
Xatirəsini əbədiləşdirmək məqsədilə Bakı küçələrindən birinə Nikolay Baybakovun adı verilib. Sabunçu rayonundakı 67 nömrəli məktəbin qarşısında onun büstü qoyulub və “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin inzibati binasına xatirə lövhəsi vurulub. [https://e-qanun.az/framework/21372]