“Xilaskar” kilsəsi Bakıda, Nəsimi rayonunun 28 May (keçmiş Telefonnaya) küçəsi, 17-də yerləşir. Kilsə 1895-1899-cu illərdə alman memarı Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Tikili Lüteran Kirxası adı ilə də tanınır. [Fətullayev-Fiqarov Ş. Baki memarları XIX əsrin sonu-XX əsrin əvvəlində. Bakı-2013]
1870-ci illərdə almanların Yevangelik-Lüteran İcması Bakıda ibadət evi tikmək üçün icazə istəyib. Bakı qubernatoru lüteranlara kilsə və məktəb tikmək üçün kilsə icma üzvlərini seçməyə imkan verib. İcmaya əczaçı Karl Eyxler, mexanika zavodunun sahibi Otto Lend, Vilhelm Zorqe (kəşfiyyatçı Rixard Zorgenin atası) və başqaları daxil idi. 1885-ci ildə onların Şəhər İdarəsinə müraciətində kilsənin tikilməsi üçün Telefonnaya küçəsindəki boş ərazinin ayrılması xahiş edilib. Həmin ildə Bakı Şəhər Duması Lüteran İcmasına ərazinin ayrılması haqqında qərar verib.
21 mart 1896-cı ildə kilsənin təməlqoyma mərasimi keçirilib və Bakı qubernatoru Pavel Lileyev, həmçinin bələdiyyə başçısı İretskiy orada iştirak ediblər. Kilsə Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilmiş və 70 min rubla başa gəlmişdir. [https://culture.gov.az/az/umumi-xeberler/13441]
Kilsənin qülləsində qızıl suyuna çəkilmiş 13 pud (212 kiloqram) ağırlığında xaç yerləşirdi. 1899-cu ildə kilsədə orqan quraşdırıldı və həmin ilin fevralında ilk orqan musiqisi səsləndirildi. 23 aprel 1900-cü ildə kilsədə ilk dini orqan konserti baş tutmuş, bəstəkar İohann Sebastyan Baxın əsərləri də səsləndirilmişdir. Bu cür konsertlər ənənəyə çevrildi və 1928-ci ilə kimi davam etdi. [https://scwra.gov.az/en/view/objects/71]
Sovet dövründə alman kilsəsi sökülməli idi, lakin dindarlar Sovet hökumətinə və şəxsən Stalinə ünvanlanmış məktubda Bakıdakı alman kilsəsini qoruyub saxlamağı və ömürlərinin sonuna qədər orada yoldaş Stalinə dua etmək üçün imkan yaratmağı xahiş etdilər. Lakin kilsənin sökülməməsinin səbəbi başqa idi. Belə ki, 1934-cü ildə bolşevik Sergey Kirovun ölümündən sonra Bakıda ona heykəl ucaldılmasına qərar verilmişdi. Bu heykəl üçün hündür tavanlı yerə ehtiyac olduğundan kilsə emalatxana kimi istifadə olunurdu. Buna görə də kilsənin sökülməsi təxirə salındı, sonralar isə unuduldu. [https://azerhistory.com/?p=5215]
[https://www.bakupages.com/enc-show.php?cmm_id=276&id=53083&c=1899]
2010-cu ildə “Xilaskar” kilsəsi bərpa olunmuşdur. Tikili müstəqillik illərindən etibarən “kamera və orqan musiqisi zalı” adlandırılıb və Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilib. [http://multikulturalizm.gov.az/az/post/1729/azerbaycanda-fealiyyet-gosteren-kilseler.html]
[URIS id=116017]