Ağahüseyn Əli oğlu Rəsulzadə 1884-cü ildə Bakının Balaxanı qəsəbəsində fəhlə ailəsində anadan olub.
O, ibtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. Rəsulzadə 1903-cü ildə marksist dərnəklərində iştirak edib, ilk dəfə siyasi nümayişə çıxıb, Balaxanı neft mədənləri fəhlələrinin siyasi çıxışlarının təşkilatçılarından biri olub. O, 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmiş, “Hümmət” sosial-demokrat təşkilatının fəaliyyətinə yaxından kömək etmiş, kəskin siyasi məqalələr və əsərlər çap etdirmişdir.
1917-ci il fevral inqilabından sonra Ağahüseyn RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. O, Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur, həmçinin Bakı Sovetinə üzv seçilmişdir. [Teymur Əhmədov. Azərbaycan Yazıçıları XX əsr. Bakı-2011]
Ağahüseyn Rəsulzadə Gəncədə RK(b)P gizli mahal komitəsində işə göndərilib. 1920-ci ildə o, Balaxanı–Sabunçu inqilabi komitəsi tərkibinə seçilib, bu rayonun birinci sahə üzrə milis komissarı işləyib, Gəncə qəza partiya komitəsi tərkibinə daxil olub. “Qırmızı Gəncə” qəzetini təşkil edib, bu qəzetin redaktoru olub. Sonralar o, Tovuz qəzasına milis rəisi və fövqəladə komissiyanın sədri kimi məsul işə göndərilib. 1925-1927-ci illərdə Rəsulzadə DQMV MİK sədrinin müavini, eyni zamanda Şuşa İcraiyyə Komitəsinin sədri olub. 1928-1933-cü illərdə o, bir sıra partiya və sovet vəzifələrində çalışmış, Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq etmişdir.
Rəsulzadə Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuş, həyatının son illərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləmişdir. Rəsulzadə "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olmuşdur. [http://www.azyb.az/index.php/repression/post/26]
Ağahüseyn Rəsulzadə 1938-ci ildə repressiya qurbanı olmuş və güllələnmişdir.