Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi Bakıda, Fəvvarələr meydanının yanında, İstiqlaliyyət küçəsi 53-də yerləşir. Muzey 1945-ci ildən fəaliyyət göstərir.
Tikilinin tarixi XIX əsrə təsadüf edir. Memar Şamil Fətullayevin kitabına əsasən, bina 1860-cı illərdə ikimərtəbəli karvansaray kimi tikilmişdir və onun memarı Qasım bəy Hacıbababəyov idi. Lakin 1880-ci ilin “Zodçiy” qəzetinin məlumatına əsasən tikili “Bakı İctimai Məclisi”nin yeni binası kimi inşa edilmişdir və memarı Karl Qippius idi. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков. Баку-1978] [Метрополь гостиница - Музей азербайджанской литературы им. Низами. Баку — OurBaku]
1890-cı ildə İctimai Məclis başqa bir binaya köçürüldü və bu binanın ikinci mərtəbəsində təmir işlərindən sonra Metropol mehmanxanası açıldı. 1915-ci ildə memar Nikitin binanın üçüncü mərtəbəsini inşa etdi. Mehmanxananın birinci mərtəbəsində bir çox dükanlar, o cümlədən “Hacı, bəri bax” mağazası yerləşirdi. Burada ən bahalı ipək, yun və pambıq parçaları satılırdı. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
1918-1920-ci illərdə binada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin əməkdaşları yaşayır və işləyirdi. Nazirlər Kabinetinin ilk iclası məhz burada, 18 sentyabr 1918-ci ildə keçirildi. 1920-1930-cu illərdə bu binada Azərbaycan Həmkarlar İttifaqı fəaliyyət göstərirdi. [Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları. Bakı-2018]
1939-cu ildə şair Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar, binada Nizami Muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Binada memarlar Sadıq Dadaşov və Mikayil Useynov tərəfindən yenidənqurma işləri aparılıb. Binanın fasadında şairlər və yazıçıların heykəlləri quraşdırılıb: Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı. Muzeyin rəsmi açılışı 14 may 1945-ci ildə baş tutdu. [https://azerhistory.com/?p=8014]
2001-ci ilin “Bakı İşçisi” qəzetindən: “Bir vaxtlar Nizami Muzeyinin binasında üç siferblatlı məşhur saat asılmışdır… Bu nadir, matah saat İsveçrənin “Borel” şirkəti tərəfindən xüsusi olaraq Bakı üçün 1850-ci ildə hazırlanmışdır və 70-ci illərə qədər şəhərə qüsursuz xidmət etmişdir… muzeyin direktoruna mane olmağına qədər... Muzeyin işinə müdaxilə edilməsindən şikayət etdi və dəqiq vaxtı göstərən saat yox oldu”. [Метрополь гостиница - Музей азербайджанской литературы им. Низами. Баку — OurBaku]
1959 və 1967-ci illərdə muzey binası genişləndirilmiş və təkmilləşdirilmişdir. 2001-2003-cü illərdə tikilidə yenidən təmir işləri aparılmışdır.
Binada bu günə kimi yerləşən Nizami muzeyində müxtəlif sənədlər, əlyazmalar, kitablarla yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. [Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu. Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.3, 4.]
[URIS id=31426]