“Uzaq sahillərdə” filmi İmran Qasımovla Həsən Seyidbəylinin qələmə aldıqları eyniadlı povest əsasında 1958-ci ildə ekranlaşdırılıb. Film Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizədən bəhs edir.
Filmin rejissoru Tofiq Tağızadə, quruluşçu rəssamları Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə, bəstəkarı Qara Qarayev, dirijoru Niyazidir. Kino xadimi Rasim Ocaqov bu filmdə ikinci rejissor kimi çalışıb. Filmdəki bəzi kadrlar Bakının mərkəzində, Filarmoniyada, Tağıyevin mülkündə lentə alınıb. Çəkilişlər, həmçinin Pribaltikada, Rusiyanın Soçi şəhərində (dəniz səhnələri) və Ağsu bölgəsində baş tutub. [Aydın Kazımzadə. Kino və zaman. Bakı-2016]
Rollarda Yuri Boqolyubov (Veselin), Aqniya Yelikova (Anjelika), Ələsgər Ələkbərov (Ferrero), Lev Bordukov (Karranti), Andrey Fayt (Mazelli), Adil İsgəndərov (Rosselini) və başqa sənətkarlar çəkiliblər.
Mehdi Hüseynzadə obrazını filmdə gənc aktyor Nodar Şaşıqoğlu yaradıb. Şaşıqoğlunun yaratdığı Mixaylo obrazı tənqid olunmasına baxmayaraq, aktyor bu roldan sonra şöhrət qazanıb. O, filmlə bağlı xatirələrində deyib: “Filmin premyerası Nizami kinoteatrında keçirildi. “Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi Azneftdən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdülər. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı...” [https://medeniyyet.az/page/news/44937/UZAQ--SAHILLERDE-%E2%80%93-gercek--qehremanin--kino--omru.html?lang=az]
Filminin texniki heyətində çalışmış Şahin Qalabəyli müsahibəsində deyirdi: “Uzaq sahillərdə” filminin çəkilişləri vaxtı şəhərdə camaat yatmırdı, səhərə qədər bizimlə idilər. Hamı bu filmin necə alınacağını səbirsizliklə gözləyirdi… Kino həvəskarları Mehdi Hüseynzadəni ekranda görməyi səbirsizliklə gözləyirdilər. Onlar üçün hər şey möcüzə idi – alman forması, əsgərlər, aktyorlar. Ona qədər “Məşədi İbad” çəkilmişdi, Bakıda çox film çəkilməmişdi axı”. [https://modern.az/az/news/159084/uzaq-sahillerdenin-kadrarxasi-nodar-sasiqoglu-o-qeder-populyarlasdi-ki-filmden-sonra-en-azi-10-qadinla-evlenib-bosandi-fotolar]
1958-ci ildə kassa lideri olan filmi SSRİ-də 27,5 milyon tamaşaçı izləmişdi. Kinolent 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında diploma, filmin bəstəkarı Qara Qarayev isə mükafata layiq görülmüşdü. [https://www.kino-teatr.ru/kino/movie/sov/4159/annot/]