Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində, dənizçi ailəsində anadan olmuşdur. Əsl adı Hüseynbala, soyadı isə Xələfovdur. O, Ərəblinski təxəllüsünü Azərbaycan generalı Ərəblinskinin soyadından götürmüşdür.
Hüseyn bəy Azərbaycan professional teatr sənətinin banilərindən biridir. Aktyorun adı afişalarda elan edildiyi gün teatr salonları tamaşaçı ilə dolu olurdu. Onun səhnədə tələffüz etdiyi hər bir söz tez-tez alqışlarla qarşılanırdı.
Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada aldıqdan sonra, 14 yaşında rus-müsəlman məktəbinə daxil olmuşdur. 1897-ci ildə rejissor Cahangir Zeynalov, Axundovun "Lənkəran xanının vəziri" komediyası əsasında hazırladığı tamaşada, Ərəblinskiyə kiçik rol vermişdi. Ərəblinski bu roldan sonra, Zeynalovun diqqətini çəkmiş və onun truppasına dəvət olunmuşdu.
1905-ci ildə Zeynalovun truppası Lənkəranda qastrolda olarkən, Ərəblinski Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesində çıxış edib. O, sonra "Nicat", "Səfa" xeyriyyə cəmiyyətlərinin və Üzeyir Hacıbəyovun qardaşlarının truppalarında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib.
Hüseyn bəy o zamanlar ölkədə yeganə tragik aktyor sayılırdı. 1910-cu ildə Ərəblinski Şekspirin "Otello" faciəsində Otello rolunu oynaması ilə şöhrət qazanmışdır.
1908-ci ildə "Leyli və Məcnun" operasının ilk quruluşçu rejissoru olmuşdur. Ərəblinski kino aktyoru kimi də fəaliyyət göstərirdi. O, 1916-cı ildə Bakıda çəkilmiş "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolununda oynamışdır.
Hüseyn Ərəblinski 4 mart 1919-cu ildə öz dayısı oğlu tərəfindən öldürülmüşdür. Həmin axşam mülk üstündə davaları olduğu dayısı oğlu, Əbdülxalıqın evinə qonaq çağırılmışdı. Aralarında baş verən mübahisə nəticəsində, Əbdülxalıq silahını çıxarıb Hüseyni boğazından vuraraq qaçmışdı.
1969-cu ildə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. Hal-hazırda məzarı I Fəxri Xiyabandadır.
Mənbələr: