Məşədi bəy Əziz bəy oğlu Əzizbəyov 18 yanvar 1876-cı ildə Bakıda anadan olub.
Əzizbəyov 1896-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra mülki mühəndislər institutuna daxil olmaq üçün Peterburqa gedib. Burada o, gizli marksist dərnəyinin məşğələlərində, tələbə nümayişlərində iştirak edib, 1898-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına (RSDFP) daxil olub. Əzizbəyov 1899-cu ildə Peterburq Texnologiya İnstitutuna qəbul edilib. O, 1900-cu ildə Peterburq ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin “Həmyerlilər” cəmiyyətinin sədri seçilib.
Əzizbəyov 1902-ci ildə Peterburq fəhlələrinin inqilabi çıxışlarında iştirakına görə həbs edilib. O, 1905-ci ildə "Hümmət" sosial-demokrat təşkilatına daxil olub, həmin il Bakı fəhlələrinin ümumi tətilində iştirak edib.
[Əzizbəyova P.Ə. Məşədi Əzizbəyov. Bakı-1955]
1908-1910-cu illərdə RSDFP Bakı komitəsinin tapşırığı ilə Əzizbəyov İran inqilabına (1905-1911) kömək etmək üçün bir neçə dəfə oraya getmiş, inqilabçılar üçün gizli ədəbiyyat və silah aparmışdır. O, həmçinin 1909-cu ildə Bakıda yaradılan İran İnqilabçılarına Yardım Komitəsinə başçılıq etmişdir, Ənzəlidə və Rəştdə inqilabi iş aparmışdır.
1911-ci ildə Əzizbəyov Bakı şəhər dumasının üzvü seçilmiş, burada yoxsulların mənafeyinin müdafiəçisi kimi çıxış etmişdir. O, 1915-ci ildə "Milliyyətindən asılı olmayaraq, qaçqınlara yardım komitəsi" sədrinin müavini, 1917-ci ildə "Hümmət" bolşevik təşkilatı müvəqqəti komitəsinin üzvü seçilib.
1917-ci il Oktyabr çevrilişindən sonra Əzizbəyov sovet Rusiyasının tərəfdarı olur və Azərbaycan milli qüvvələrinə qarşı mübarizədə fəal rol oynayır. Əzizbəyov S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində (BXKS) quberniya komissarı idi. O, 1918-ci ilin mayında BXKS daxili işlər komissarının müavini təyin olunur və Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunlarının Bakıya dəvət olunması əleyhinə çıxış edir.
Əzizbəyov BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan Həştərxana köçürülməsini təşkil etmiş, Bakının azad olunması uğrunda vuruşan Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. Avqustun 17-də Bakı komissarları ilə birlikdə "Sentro-kaspi diktaturası" tərəfindən həbs edilmiş, sentyabrın 17-də Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya göndərilmişdir.
Məşədi Əzizbəyov 20 sentyabr 1918-ci ildə Krasnovodskın 207 kilometrliyindəki Ağcaqum çölündə güllələnmişdir. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı-2004]