İlham Heydər oğlu Əliyev 1961-ci il 24 dekabr tarixində Bakı şəhərində anadan olub.
O, Bakıdakı 6 saylı orta məktəbi bitirib, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda oxumağa başlayıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə oranı bitirərək, tarix elmləri namizədi dərəcəsini alıb. İlham Əliyev 5 il bu təhsil müəssisəsində müəllim işləyib.
1994-2003-cü illərdə İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci illərdə o, Milli Məclisə üzv seçilib, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.
15 oktyabr 2003-cü ildə keçirilən seçkilər nəticəsində İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə yenidən qələbə qazanmışdır.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın hərbi, iqtisadi və siyasi gücü artmışdır. Bunun nəticəsi olaraq, 2020-ci ildə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində azad etmişdir.