Fevralın 9-u Akademik Milli Dram Teatrının mərhum aktyoru, əməkdar artist Əsgər Məmmədoğlunun doğum günüdür.
Əsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında, 6 aydan sonra isə Tədris Teatrında fəaliyyətini davam etdirib. 1987-ci ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində biri-birindən maraqlı rollar ifa edib.
"Mozalan" satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu, "Ömrün səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Qaraciyər xərçəngindən əziyyət çəkən aktyor 2015-ci il dekabrın 21-də vəfat edib.