28 may 1918-ci ildə Azərbaycanın qabaqcıl insanları ölkənin müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul ediblər. Bununla da, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Xalq Cümhuriyyəti bir müddət Gəncədə, sonra da Bakıda fəaliyyət göstərib.
Hələ XIX əsrin ikinci yarısından Azərbaycanda milli dirçəliş hərəkatı başlamış, XX əsrin əvvəllərində bu hərəkat daha da genişlənmişdir. 1917-ci ildə baş vermiş Oktyabr inqilabı, rus-çar imperiyasının dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı. [Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab. Bakı-2018]
İstiqlal Bəyannaməsi 28 may 1918-ci ildə Tiflis şəhərində Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurasının iştirakı ilə elan olundu. Bu Şuraya Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mehdi bəy Hacınski, Firudin bəy Köçərli kimi maarifçilər daxil idi. [https://axc.preslib.az/az/page/iKYoaVNIsO]
23 ay ərzində görülən işlər - Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalq üçün əhəmiyyət kəsb etmişdir. Bu nailiyyətlərdən biri Paris sülh konfransında 11 yanvar 1920-ci ildə Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. [Azərbaycan Xalq Cümhuriyyəti. Bakı-2009]
1990-cı ildən 28 May dövlət səviyyəsində Respublika Günü kimi qeyd edilirdi. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.