XX əsrin sonlarında SSRİ-nin süquta uğraması ilə Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik qazana bildi. Azərbaycan Respublikasının Ali Soveti 18 oktyabr 1991-ci ildə keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi hesab olunur.
Ümummilli lider Heydər Əliyevin 15 oktyabr 1994-cü il tarixli Fərmanına əsasən, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü dövlət bayramı kimi qeyd edilməyə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci ildə imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na görə, Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək, Müstəqilliyin Bərpası Günü elan edilib.