26 iyun 1918-ci il tarixli qərarla Əlahiddə Azərbaycan Korpusu təşkil edildi və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Sonradan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçirdilər. Hətta 1919-cu il mayın 28-də AXC-nin yaranması günü şərəfinə Bakıda Azərbaycan ordusunun ilk hərbi paradı keçirilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 9 oktyabr 1991-ci ildə ordunun yaradılması barədə qərar qəbul edildi. Bir ildən sonra, oktyabrın 9-da silahlı qüvvələrimizin yenidən Bakıda hərbi paradı keçirildi. O gündən ordu quruculuğu sahəsində görülən işlər sayəsində Azərbaycan Ordusu bu gün dünya miqyasında 50 ən güclü ordu sırasındadır. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə bunun sübutudur.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.