Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən, ukraynalı rejissor Aleksandr Mişonun çəkdiyi filmlərin nümayişindən başlayır.
Fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir Aleksandr Mişon 1883-cü ildə Bakıya gəlib. 1887-ci ildə onun Tarqovaya küçəsində yerləşən fotoemalatxanasının açılışına icazə verilir. Mişon Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü olur və fotoqrafiya haqda pulsuz mühazirələr aparır. O, 1896-cı ildə “Bakı sorğu təqvimi” adlı sorğu kitabçasının və “1900-1908 Qafqaz və Orta Asiya fotoqrafiyada və xülasələrdə ” adlı jurnal və qəzetin redaktoru və təsisçisi olur. [https://photographer.az/az/tarixd%c9%99-fotoqraflar/979-2/]
Aleksandr Mişon 1898-ci ildə Bakıya ilk kinokamera gətirib və burada film çəkməyə başlayıb. 2 avqust 1898-ci ildə rejissorun çəkdiyi "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Qafqaz rəqsi" xronikal-sənədli və "İlişdin" bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram nümayiş edilib. [Fərəcova Z. Ekran tariximizin ilkləri// Azərbaycan. 2019.avqust]
18 dekabr 2000-ci ildə Heydər Əliyevin Sərəncamı ilə 2 avqust Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib. "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" kinosüjetləri 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana gətirilib. [https://e-qanun.az/framework/162] [Fərəcova Z. Ekran tariximizin ilkləri// Azərbaycan. 2019.avqust]