Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakıda, Novxanı qəsəbəsində, jurnalist Rəhim Ələsgərzadə və pediatr Faniya Korimanın ailəsində anadan olub.
Onun 1965-ci ildə təklif etdiyi "qeyri-səlis məntiq" nəzəriyyəsi, uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, 1980-ci illərdə yapon alimlərinin diqqətini cəlb etmişdir. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər şirkətləri bu nəzəriyyədən istehsalda, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Tehranda (İran) elektrik mühəndisliyi üzrə dərəcə alan Lütfi Zadə, 1944-cü ildə ali təhsilini davam etdirmək üçün ABŞ-a getmişdir. Lütfi Zadə 1944-1959-cu illərdə Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya (ABŞ) Universitetində magistr və doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində (Kaliforniya, ABŞ) professor kimi, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir. Lütfi Zadə həmin universitetdə ömürlük professor kimi fəaliyyət göstərmişdir.
Hesablanma sahəsində 54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan Lütfi Zadə, dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.
Alim 1989-cu ildə “qeyri-səlis məntiq” nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. 7 fevral 2011-ci ildə Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilmişdir.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 97 yaşında dünyasını dəyişib. Sentyabrın 29-da Bakıda I Fəxri Xiyabanda dəfn edilmişdir.
Mənbələr: