XX əsrin əvvəllərində Bakıda Torqovıy (indiki Nizami) küçəsində, keçmiş “Vətən” kinoteatrı ilə üzbəüz şəhərin ən məşhur şirniyyat mağazası yerləşirdi. Bu dükan şamaxılı tacir Mirzə Tağıyevə məxsus idi. Xalq arasında onu “alman mağazası” adlandırırdılar.
Tacir Tağıyev mağaza üçün malları Moskvadan, Peterburqdan, Varşavadan, Parisdən alardı. O, tort və pirojna üçün krem hazırlamaq məqsədilə Abşeron adalarından səbət dolusu qağayı yumurtası gətizdirərdi. Mağaza narın üyüdülmüş və yüksək keyfiyyətli unla təmin edilirdi. Məmulatlar şəhərin tanınmış şirniyyatçıları tərəfindən hazırlanırdı. [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]
Mağaza o qədər məşhur idi ki, bura həmişə müştərilərlə dolu idi. Evlərə gündə yüzlərlə sifariş yollanardı. Mağazadan mallar digər quberniyalara, hətta imperator Aleksandrın özünə də göndərilirdi. [http://regionplus.az/az/articles/view/4908]
M.Süleymanovun kitabından: “Burada irili-xırdalı metal və karton konfet qutularının bəzəyi, görkəmi insanı cəlb edərdi, xoş ətir verərdi…Satıcı qızlar gözəllikdə, xoş rəftarda bir-biri ilə bəhs edərdilər… müştəri heç vaxt əliboş bayıra çıxmaz, mütləq bir şey alardı. Hələ o qızların libasları... Saçlarının bəzəyi, bağladıqları rəngarəng ipək lentlər heyrətamiz idi”. [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]
Sovet dövründə şirniyyat mağazası fəaliyyətini bərpa etmişdir. Yerli əhalinin sözlərinə görə, burada köhnə adət-ənənələri qorumağa çalışsalar da, mağaza öz görkəmini itirmişdir.
“1950-ci illərin əvvəllərində atamla buraya gəlirdim. Müxtəlif delikateslərlə dolu vitrinləri xatırlayıram…Çox güman ki, burada təqdim olunan, məhsulların çoxu saxta idi və sovet işçisində bolluq görüntüsü yaratmalı idi. Binanın içərisində - boyalı divarlar və tavan. Rəflərdə düzülmüş qutuların arasında “Qırmızı oktyabr”, “Burevestnik”, “Bolşevik” şokolad dəstləri, qablaşdırılmış tortlar və onların arasında unudulmaz “Nağıl” var idi. Burada, həmçinin ənənəvi şərq şirniyyatları var idi: yumşaq və ətirli türk lokumu, dərhal ağızda xırdalanan şəkərçörəyi, şəkərlə əzilmiş badam ilə dolu şəkərbura və demək olar ki, hər bir bakılı ailəsinin sevimli yeməyi olan kətə. Və təbii ki, Şərq kraliçası - valehedici paxlava…
Lakin vaxt keçdikcə şirniyyat mağazası mövqeyini itirməyə başladı. Adi mallar rəflərdən yoxa çıxırdı...Məhsulların keyfiyyəti aşağı düşdü... Və sonda məşhur şirniyyat mağazası keçmişin acınacaqlı mirasına bənzəməyə başladı”. [Валерий Саби. "Немецкая кондитерская" — OurBaku]