Mərdəkan qəsəbəsi (keçmişdə kənd) Bakı şəhəri, Xəzər rayonunun ərazisində yerləşən qədim yaşayış məskənidir.
“Mərdəkan” adı iki sözdən əmələ gəlib. Türk mənşəli "mərd", Orta Asiyada yaşamış "mardı", "amardı" tayfası ilə bağlıdır. Herodot öz “Tarix” kitabında Mardları köçəri fars tayfaları adlandırırdı. Strabon, Eratosfenə istinad edərək, Hirkan (Xəzər) dənizi sahilində yerləşən və farslarla həmsərhəd olan tayfalar arasında Mardların adını çəkirdi. O, Mardları fars hökmdarlarını xərac verməyə məcbur edən dörd tayfanın arasına daxil edirdi. Mard adı azəri türkcəsində "qoçaq, cəsarətli, zirək, qeyrətli" mənasını verir, "kan" isə "yer, məkan" bildirir. Beləliklə, Mərdəkan - “mərdlər məkanı” kimi tərcümə olunur.
Orta əsrlərdə Mərdəkan yarımadanın strateji məntəqələrindən birinə çevrilmişdir. Tikilmə tarixi XII əsrə aid olan dördkünc qala və XIII əsrdə tikilmiş dairəvi qala (Şıx qalası) bunu sübut edir. Dördkünc və Şıx qalalarının yeraltı yolla bağlı olması ehtimal olunur. Qazıntılar zamanı qalaların yaxınlığında Şirvanşahlar dövrünə aid sikkələr tapılmışdır.
XVIII-XIX əsrlərdə Mərdəkanda Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və başqalarının bağları yerləşirdi. Tağıyevin qəbri də məhz burada - Pir Həsən adlanan yerdə yerləşir. Həmçinin Mərdəkanda, keçmişdə Muxtarovun mülkü olan, Dendrari bağı da mövcuddur. Rus şairi Sergey Yesenin Dendrari bağı ərazisində bir müddət yaşamış və "Fars təranələri" əsərini burada yazmışdır. İndi həmin bağın divarında onun barelyefı vurulmuşdur və qəsəbənin mərkəzi küçəsi onun adını daşıyır.
Burada əsas təsərrüfat bağçılıqdır. Mərdəkanda ürək-damar üçün müalicə keyfiyyəti olan ağ və qara şanı üzüm növləri, əncir yetişdirilir.
Mərdəkan öz müalicə ocaqları ilə də tanınır. Burada kardioloji, mədə-bağırsaq, sinir-əsəb və digər xəstəliklərdən müalicə ocaqları ("Abşeron", "Günəşli", "Şağan" və s.) fəaliyyət göstərir.
1893-cü il statistik məlumatlarına görə Mərdəkanda ümumilikdə 1217 sakin yaşayırdı, 1960-cı ildə-10.2 min. 2000-ci illərin əvvəllərində Mərdəkan əhalisinin sayı 16.2 min nəfər təşkil edirdi, 2021-ci ildə isə bu rəqəm 25.2 min nəfərə çatmışdır.
Mənbələr: