Bakı qalası Şirvanşah III Mənuçöhrün əmri ilə təqribən 1138-1139-cu illərdə indiki “İçərişəhər” ərazisində inşa edilib. Bunu Qala divarının şimal tərəfindən 1954-cü ildə tapılmış kitabə göstərir.
Düşmən hücumlarından qorunmaq üçün qala divarları ikiqat tikilmişdir. Şəhəri işğal etmək üçün “sudan və oddan” keçmək lazım idi. Təhlükə yarananda divarların çöl tərəfində yerləşən xəndəklər, kanallar vasitəsilə, su ilə doldurulurdu. Qala divarlarının birinci və ikinci qatının arasındakı xəndək isə neftlə doldurulur, düşmən hücumu zamanı yandırılırdı.
Orta əsrlərdə qalanın beş giriş qapısı olub: üçü dənizə, ikisi quruya açılırdı. Quru ilə əlaqə üçün əsas yol şəhərin şimal tərəfindəki Şamaxı, qərbdən isə Salyan adlı qapısı idi. Buradan karvanlar keçirdi.
Səfəvi hökmdarı I Şah Abbasın dövründə - 1608-1609-cu illərdə Bakı qalasında əsaslı bərpa işləri aparılmışdır. Səfəvi bəylərbəyi Zülfüqar xanın göstərişi ilə qalanın xarici divarları inşa olunmuşdur. Qalanın əsas qapısı üzərində hicri təqvimi ilə 1017-ci ilə (1608-1609) aid kitabədə bu barədə məlumat verilib. Məhz buna görə, qalanın Şamaxı adında əsas qapısı həm də Şah Abbasın adını daşıyırdı.
1868-ci ildə Azərbaycan ərazisi Rus imperiyasının tərkibində idi. Bu zaman Bakının hərbi qubernatoru, şəhərin inkişafı və genişləndirilməsi məqsədilə, qala divarının sökülməsi barəsində Qafqaz Hərbi Dairəsinə müraciət edir. 1886-cı ildə, bu məsələ Dumanın iclasında qaldırılır və ikinci divarın sökülməsi haqqında qərar qəbul edilir. Sökülən hissədə yerləşən, Zülfüqar xan adlanan qapı, birinci qala divarında yerləşən, Şamaxı qapısının yanına köçürülür. Bundan sonra, qapılar birlikdə Qoşa qala qapısı adlandırılmağa başlayıb.
Orta əsrlərdə uzunluğu 1500 metr olan İçəri şəhər qala divarından hal-hazırda təqribən 600 metri qalıb. Qala divarları UNESCO Ümumdünya İrsi siyahısına daxildir.
Mənbələr: