Yaşıl Teatr Bakının mərkəzində, Dağüstü Parkdan Bulvara enən yamacda, açıq havada yerləşən konsert məkanıdır. Teatr isti mövsümdə – may-sentyabr aylarında fəaliyyət göstərir.
Teatr 1960-cı illərin əvvəllərində, şəhərin o vaxtkı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. O zamanlar bu teatr səhnəsinin adi teatrlardan və açıq səhnələrdən fərqli olaraq, arxa hissəsi yox idi və buradan Bakı buxtasına mənzərə açılırdı. Amfiteatr formasında inşa edilən tikili 2500-ə qədər tamaşaçı qəbul edə bilirdi. Tikili kölgəlik yaradan müxtəlif növ ağaclarla əhatə olunurdu.
Tədqiqatçı Leonid Bretanitski “Bakı. Memarlıq və incəsənət abidələri” kitabında teatr haqqında belə yazırdı: “Burada istisnasız olaraq, bütün yerlər qəfil küləyin təsirindən qorunaraq əla görmə və eşitmə qabiliyyətinə malikdir. Eyni zamanda, teatrı əhatə edən park tamamilə qorunub saxlanılıb, onun ağacları nadir memarlıq kompozisiyasının ayrılmaz elementidir”. [Бретаницкий Л.С. Баку. Ленинград-Москва -1956]
Sonralar Yaşıl Teatr dəyişikliklərə məruz qalır. Belə ki, 1980-ci illərin əvvəllərində teatrın arxasında “Ulduz” sarayı inşa olunur və Bakı buxtasına mənzərəni bağlayır. Bu səbəbdən teatrın səhnəsində daşdan arxa hissə qoyulur. [https://azerhistory.com/?p=37630]
Azərbaycan kinosunun qızıl fonduna daxil olan məşhur “Əhməd haradadır?” filminin son səhnəsi bu teatrda lentə alınıb. Burada Azərbaycanın və keçmiş SSRİ-nin tanınmış xarici sənətçiləri çıxış edib. 1987-ci ildə teatrın səhnəsində Ümumittifaq festivalının “Mahnı-87” konserti keçirilib.
1993-cü ildə teatr fəaliyyətini dayandırıb. 2005-2007-ci illərdə isə Yaşıl Teatr əsaslı təmir olunub və fəaliyyətinə davam edib. [Баку: театры, кинотеатры, концертные залы. Баку-2015]