1. Bakıda iki növ neft sənayeçi var idi: biri mədən və zavod yiyələri - “neftxudalar”, digəri isə “dirəkçilər”. Dirəkçilər neftli güman edilən torpaqları alıb, yaxud icarəyə götürüb, ortasında adları ilə dirək qoyardılar. Onlar axtarış-kəşfiyyat aparmırdılar, quyu qazmırdılar. Dirəkçilər bir çox torpaq sahəsini zəbt edirdilər və gözləyirdilər. Yaxınlıqda yerləşən torpaqlardan neft çıxan kimi, tutulmuş torpaqların qiyməti qat-qat artırdı və onlar böyük gəlir əldə edirdilər.
2. Camaatın arasında belə bir inam var idi ki, neft olan yerdə ot, ağac bitməz. Buna görə də dirəkçilər, adətən, daşlıq və qayalıq yerlərdə torpaq tutardılar. Lakin təbiəti zəngin olan Şimali Qavqazda, Maykopda neft-qaz yataqları kəşf ediləndən sonra bu düşüncələr yoxa çıxdı.
3. Neftli torpaqlar üstündə tez-tez davalar olurdu, adam öldürülürdü. Məhkəmələrdə yalançı şahidlər olurdu. Həmin adamlar üstündə dava düşmüş əraziyə aparılırdı. Burada onlar molla əlindəki Qurana əl basıb and içirdilər. Yalançı şahid Qurana əl basıb belə vəd edirdi: “And olsun bu Qurana, ayaqlarımın altında olan torpaq iddiaçının atababa torpağıdır”. Doğrudan də ayağının altındakı, əvvəlcədən ayaqqabının içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı. Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi.
4. Sərmayəsi, fəhləsi az olan sahibkar neft quyusunu qazdıra bilmirdi və yeri satmağa məcbur olurdu. Bəzən gecə vaxtı neft daşıyıb quyuya doldururdu və ertəsi gün xəbər yayırdı ki, neftə çatıb. Beləliklə də torpağı baha satırdı. Təcrübəli neft maqnatları isə bunu yaxşı başa düşürdülər. Onlar torpaq yiyəsinə mərhəmət göstərib, “tula payı” verib mülkə sahib olurdular.
5. O dövrdə qazma alətləri və texnikası mükəmməl deyildi. İşlər neftin dərinliyini və digər vacib amilləri dəqiqləşdirilməmiş aparılırdı. Bəzən neft fontanı vurduğu sahənin ustasının yanına başqa sahədən insanlar göndərirdi, neftin dərinliyi və qazma texnologiyası haqqında məlumat almaq üçün külli miqdarda pul təklif edilirdi. Lakin onlar tez-tez saxta məlumat satırdılar.