Fantaziya hamamı Bakıda Avropa tipli ilk hamamlardan hesab edilir. Bina alman əsilli memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilib. [Фатуллаев-Фигаров Ш.С. Архитектурная энциклопедия Баку. Баку-2013]
Fantaziya hamamının açılışı 13 yanvar 1897-ci ildə baş tutmuşdur. Bu hadisə “Kaspi” qəzetində belə təsvir edilmişdir: “ ... Bakı şəhərində, Vorontsovskaya küçəsində çoxotaqlı “Fantaziya” hamamı açılıb. Xəstələr üçün xüsusi müalicə otaqları, tibbi vannalar və duşlar. Şirin su. Dəbdəbəli şərait. Elektrik işıqlandırma. Gözləmə otağı. Müxtəlif jurnal və qəzetlər... Axşam saat 6-dan 11-ə qədər işıqlandırılan fəvvarə. Çay, kofe, limonad... Otaqların qiymətləri bir rubldan başlayır ”. [Баня "Фантазия" (Баку) — OurBaku]
Fantaziya Bakıda elektrik xətti çəkildiyi ilk kommersiya binası idi. Binanın divar və tavanları yapma naxışlar və bədii rəsmlərlə bəzədilmişdir. Hamamda ilk dəfə olaraq nömrəli otaqlar var idi. Burada vanna və skamyalar mərmərdən, kranlar bürüncdən düzəldilmişdir. Binanın ön qapısı palıddan idi və rəngli şüşələrlə bəzədilmişdir. Hamamın gözləmə otağında fəvvarə və qızıl balıqlarla dolu hovuz yerləşirdi. 1914-cü ilə qədər Bakıda su kəməri olmadığından hamamda, əsasən, xaricdən gətirilən şirin su istifadə olunurdu. [https://azerhistory.com/?p=5327]
Sovet dövründə Fantaziya fəaliyyət göstərməyə davam edirdi. Bakıya gələn hər kəs buraya yollanırdı. İsrail yazıçısı İrene Qolda yazırdı: “... “Fantaziya” məhv edilməyib, dağıdılmayıb, talan edilməyib və o, demək olar ki, öz orijinal formasında bizim dövrümüzə qədər gəlib çatıb - köhnə həyatın bir parçası, inqilabdan əvvəlki Bakı həyatının bir parçası kimi. Və biz bütün bu gözəlliyi görə bildik, ən əsası isə, bundan yararlana bildik…” [http://www.obshelit.ru/works/243821/]
1991-ci ildən sonra hamam fəaliyyətə davam etsə də, əvvəlki görünüşündən əsər əlamət qalmır və yararsız vəziyyətə düşür.
Fantaziya hamamı Dilarə Əliyeva 114 küçəsində yerləşir. Burada 2012-ci ildə “Qorxma, mən səninləyəm! 1919” filminin bir səhnəsi çəkilib. Bina yerli əhəmiyyətli abidələr siyahısına daxil olsa da, hazırda baxımsız vəziyyətdədir.
[URIS id=22344]