Aleksandr Nevski kafedralı Bakıda, indiki Bülbül adına musiqi, 189 və 190 nömrəli məktəblərin yerində yerləşmiş rus pravoslav kilsəsi idi. Vaxtilə Cənubi Qafqazın ən böyük kilsəsi olan bu məbəd 1888-1898-ci illərdə inşa edilmişdir.
Kafedralın binası köhnə Bakının bütün nöqtələrindən aydın görünürdü. Qanuna görə, heç bir bina kafedraldan hündür olmamalı idi. Məbədin hündürlüyü təxminən 85 metr idi (28 mərtəbəli bina). Tarixçi Manaf Süleymanov yazırdı: "El arasında Qızıllı kilsəsi kimi tanınan Aleksandr Nevski Məbədi şəhərin mərkəzindəki yüksək bir təpədə ucaldılmışdır. Qızıl qübbələr günəşdə parıldayırdılar, 10 kilometr uzaqlıqdan görünürdülər. Gəmilərin kapitanları dənizdə məbədin əsas qübbəsi ilə istiqaməti təyin edirdilər".
1879-cu ildə Bakı valisi V.Pozen Bakıda yeni pravoslav kafedralının tikilməsinin zəruriliyi barədə fikir irəli sürmüşdür. 10 iyul 1886-cı ildə Rusiya İmperatoru III Aleksandr köhnə müsəlman qəbiristanlığının yerində yeni pravoslav kafedralının inşasını şəxsən təsdiq edib.
Alman memar R.R.Marfeld tərəfindən hazırlanan layihə 30 iyul 1888-ci ildə təsdiq edilmişdir. Moskvadakı Şəfaət kafedralı (Müqəddəs Basil kafedralı) nümunə olaraq götürülmüşdür. 1888-ci il oktyabrın 8-də İmperator III Aleksandr və ailəsinin iştirakı ilə knyaz Aleksandr Nevskinin şərəfinə yeni Bakı kafedralının əsası qoyulmuşdur.
Kafedralın inşasına 300 min rubl ayrılmışdır, lakin bu vəsait kifayət deyildi və ianə toplanmağa başlanmışdır. Toplanan vəsaitin 60 faizini müsəlmanlar bağışlamışdı. Qadınlar qızıllarını, kişilər xəncər və qılınclarını, gümüş qablarını bağışlayırdılar. H.Z.Tağıyev 10 min rubl, Bakı Yəhudi Cəmiyyəti isə 1000 rubl toplamışdılar.
Kafedralın daxili üzlüyü üçün bahalı mərmərdən istifadə edilmişdir. Onun içi lövhə işləri və rəsmlərlə bəzədilmişdir. İkonalar qızıl və gümüşdən hazırlanmışdırlar.
1936-cı ildə, Sovet hökumətinin dinlə mübarizəsi nəticəsində, kafedralın sökülməsi qərarı alınmışdır. Tikili o qədər möhkəm idi ki, onun partlayıcı maddə vasitəsi ilə məhv edilməsi 3 gün çəkib. Kafedralın yerinə 1937-ci ildə məktəb binası tikilmişdir.
Mənbələr: