Aşura – hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür və ərəb dilində “onuncu” deməkdir. Şiələr Aşuranı matəm günü hesab edir və əzadarlıq edirlər.
Həmin gün 680-ci ildə İslam Peyğəmbəri Məhəmmədin nəvəsi İmam Hüseyn və Əməvilər sülaləsindən olan Yezid arasında indiki Kərbəlanın yerində döyüş baş vermişdir. Bu mübarizədə İmam Hüseyn və 72 nəfər tərəfdarı şəhid edilmişdir.
Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.
Bu gün insanlar məscidlərə gedir, nəzir verir və ehsan paylayırlar. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi özlərinə xəsarət vermədən keçirməyə çağırır. Həmin gün idarənin təşəbüssü ilə ənənəvi qanvermə aksiyaları keçirilir.