Cəlil Məmmədəli oğlu Cavadov 1 avqust 1918-ci (bəzi mənbələrdə 1916) ildə Bakının Fatmayı kəndində ziyalı ailəsində anadan olub.
Cəlil Cavadov məktəbi 1929-cu ildə Fatmayı kəndində bitirir. 1930-1936-cı illərdə o, Bakıda Nəriman Nərimanov adına Sənaye Texnikumunun (indiki Sənaye və Texnologiya Kolleci) kimya fakültəsində, sonra isə Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda təhsil alır. 1937-ci ildə Cavadov Sevastopol şəhərindəki Naximov adına Qara Dəniz Ali Hərbi-Dənizçilik məktəbinə qəbul olur. Burada Cavadov "miçman" rütbəsinə layiq görülür və 1941-ci ilin martında "vaxta komandiri" ixtisası ilə altı aylıq təcrübəyə göndərilir. Təcrübəni keçərkən, miçman Cavadov zirehli katerdə Böyük Vətən müharibəsinin ilk gününü qarşılayır. [Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987]
Müharibə dövründə (1941-1945) Cavadov Dunay, Qara dəniz, Şimal hərbi Donanmalarının tərkibində faşistlərə qarşı döyüşlərdə iştirak etmişdir. Məhz onun sayəsində Qara Dəniz Donanmasının 6 dalğıc gəmisi və 20-dən artıq dalğıcı qarşı tərəfin ələ keçirdiyi şəhərdən çıxarmaq mümkün olmuşdur. 1945-ci ildə Cəlilov Vyananın azad edilməsi uğrunda gedən döyüşdə iştirak etmişdir. Müharibə zamanı bu və digər xidmətlərinə görə "Döyüş xidmətlərinə görə", "Sevastopolun müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalları, 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. [Сабухи Ахмедов. Первый адмирал Азербайджана. Баку-2018]
Cəlil Cavadov müharibədən sonra Bakıda Xəzər Hərbi Dəniz Donanmasında xidmət etmişdir. O, 31 oktyabr 1951-ci ildə Bakı hərbi-dəniz klubunun baş komandir-təlimatçısı, 1 noyabr 1951-ci ildə Orduya, Aviasiyaya və Donanmaya Yardım Könüllü Cəmiyyətinin (OADYKC) Hərbi-Dəniz tədris təşkilatının təlim bölməsinin rəisi təyin olundu. Cavadov bir neçə ildən sonra isə respublika komitəsinin sədri seçildi. O, hərbi-dəniz işinin təbliğatına və gənc kadrların hazırlanmasına əhəmiyyət verirdi.
19 fevral 1968-ci ildə Cəlil Cavadova kontr-admiral hərbi rütbəsi verildi. O, bu rütbəyə layiq görülən ilk azərbaycanlı və SSRİ müsəlman xalqlarının nümayəndəsi sayılır. [Qritçenko A. Mərd və mətanətli adam. Bakı-1996]
Cəlil Cavadov 6 fevral 1980-ci ildə Bakıda vəfat edib.
Yaşadığı evin divarına (Zərifə Əliyeva küçəsi 24) onun xatirə lövhəsi vurulub. 1993-cü ildə Bakı Nümunəvi Dəniz Məktəbinə kontr-admiralın adı verilib.