10 fevral 1828-ci ildə Rusiya İmperiyasının generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzə tərəfindən Türkmənçay müqaviləsi imzalanıb. Müqavilə Cənubi Azərbaycanın indiki Türkmənçay şəhərində imzalandığına görə bu cür adlandırılıb.
16 maddədən ibarət olan sənədə əsasən, Naxçıvan və İrəvan xanlıqları çar Rusiyasının tərkibinə daxil edildi, beləliklə Azərbaycan tarixində xanlıqlar dövrü sona çatdı. Bundan əlavə, İran 20 milyon gümüş rubl dəyərində təzminat ödəməyi öhdəsinə götürürdü, ermənilərin İrandan maneəsiz şəkildə sözügedən xanlıqların ərazilərinə köçürülməsi prosesi başladı.
Müqavilə ikinci Rusiya-İran müharibəsinə (1826-1828) son qoydu. Sənəd, həmçinin Azərbaycanın Araz çayı boyunca iki yerə bölünmə prosesini sonlandırdı: Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə keçdi.