XIX əsrin ikinci yarısında neft hasilatının sürətli inkişafı ilə neftin mədənlərdən zavodlara daşınması məsələsi qaldırıldı.
1876-cı ilin yayında Abşerona səfər edən Lüdviq Nobel “Bakı neft sənayesinə və gələcəyinə nəzər” qeydində neftin heyvan nəqliyyatı ilə daşınmasından imtina etməyin vacibliyini vurğulayırdı. Neftin bu yolla daşınması baha başa gəlirdi: 1877-ci ildə mədənlərdə bir pud neftin qiyməti 3 qəpiyə, Balaxanıdan Qara şəhərə neftin çatdırılması isə 20 qəpiyə kimi başa gəlirdi.
Hələ 1863-cü ildə kimyaçı Dmitri Mendeleyev Bakıda olarkən, yataqlardan zavoda neft daşımaq üçün kəmər çəkməyi təklif etsə də, bu təklif qəbul edilməmişdir. Nobel bu məsələni yenidən gündəmə gətirmişdi. 1878-ci ildə o, bir çox tikinti firmaları ilə danışıqlar aparmışdı, lakin heç bir dəstək almamışdı.
Bu səbəbdən, Nobellər layihəni təkbaşına həyata keçirmək qərarına gəldilər. Onlar Amerikadan gələn mühəndis V.Q.Şuxova müraciət etdilər. Şuxovun layihəsinə əsasən və texniki nəzarəti altında, Rusiya imperiyasının tarixində ilk neft kəməri ən qısa müddətdə - 1878-ci ilin sonunda tikildi. Bu kəmər Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu (Qara şəhər) birləşdirirdi və 10 km uzunluğunda idi. Bu, həmçinin Avrasiyanın ilk neft kəməri idi. [https://azerhistory.com/?p=8562]
Neft kəməri 1878-ci ilin dekabrında istifadəyə verildi. Lakin kəmərin çəkilməsi, neft daşımaqla böyük gəlir əldə edən, Balaxanı arabaçılarını qəzəbləndirir və onlar firmaya qarşı etiraz edirlər. Hətta neft kəmərlərinin partladılması təhlükəsi var idi. Kəməri deşərək neft oğurlamaq halları da tez-tez baş verirdi. Buna görə Nobel qardaşları kəmər boyu kazak keşikçi dəstələri qoyurdular. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
Sonradan başqa neft sənayeçiləri də oxşar bir neft kəmərlərinin inşası barədə qərar verdilər. Artıq 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km-ə çatırdı. Bu kəmərlərlə ildə 1 milyon ton neft nəql edilirdi. [https://minenergy.gov.az/az/neft/neft-senayesinin-inkisaf-tarixi]