Ovdan yeraltı su anbarıdır. Bu tikililər Abşerona xas olan memarlıq abidələri sırasına daxildir.
Türk dilindən “ovdan” çuxur kimi tərcümə olunur. Lakin mövcud şayiəyə görə, ovdan sözü fars dilindən “Ab” - su, “dan” - göstərici hissələrindən ibarət olub, “Su saxlanılan yer” mənasında işlədilir.
Abşeronun ərazisində göl, çay halında içməli su mənbələri olmayıb. Bu səbəbdən əhali suya olan tələbatını ödəməkdə çətinliklərlə üzləşib və ovdanlar qazdırmağa məcbur olub. Ovdanlar xeyriyyəçilik məqsədilə tikilirdi. Onlara təkcə Bakıda və ətraf kəndlərdə deyil, həmçinin yaşayış yerlərini bir-biri ilə əlaqələndirən yol kənarlarında, karvansaray ərazilərində də rast gəlmək olar. Bu tikili yolçuların susuzluğunu aradan qaldırmaq üçün nəzərdə tutulurdu. [Шамиль Фатуллаев. Зодчество Апшерона. Баку-2003]
Məlum olan ən qədim iki ovdan Səngəçalda yerləşir və XV əsrə aiddir. Həmçinin Maştağa, Nardaran, Güzdək, Ramana, Balaxanı, Zığ, Xocəsən ovdanları günümüzə qədər qorunub saxlanılıb.
İçərişəhərdə Şirvanşahlar sarayının yaxınlığında da ovdanlar var idi. Onlardan biri haqqında tədqiqatçı S.Bronevski məlumat verir: “Şəhərin şimal divarından təqribən 300 addım aralıdakı əhalini su ilə təmin edən qədim quyu diqqətəlayiqdir. O, çox böyük çətinliklə daş təbəqəsində 45 sajın (təxminən 96 metr) dərinliyində qazılmışdır…Suya qədər dik pillələrlə düşmək lazımdır... Burada hovuz vardır ki, oradan təmiz bulaq suyu götürürlər”. Təsvir olunan ovdan dövrümüzədək qalmamışdır. [Броневский Семён Михайлович. Новейшие географические и исторические известия о Кавказе Часть II. -1823 400]
Quruluşuna görə ovdanları üç kateqoriyaya bölmək olar: yağış suyu toplayan (Güzdək), yeraltı suları toplayan (Qala), qarışıq tipli ovdanlar (Maştağa və Nardaran). Ovdanlar 2 hissədən ibarət olurdu: yeraltı və yerüstü hissələrdən. Üst hissəsi əhəng daşı ilə inşa edilirdi. Bu tikili yan hissədən düzbucaqlı üçbucağı xatırladırdı. Giriş, əsasən, küləyin əks-tərəfindən tikilirdi. Yeraltı hissəyə giriş pilləkənlər vasitəsilə idi. Ovdanın belə quruluşu sayəsində su toz və qumdan qorunurdu və isti havada belə soyuq qalırdı.
Şəhərin mərkəzləşdirilmiş şəkildə su ilə təmin olunması nəticəsində ovdanlar unudulub. Həmçinin SSRİ dövründə hakimiyyət ovdanlarda silah saxlanıla biləcəyindən ehtiyatlanaraq, onları istifadədən çıxarıb. Ovdanların çoxu zamanla dağılıb və quruyub. [https://azerhistory.com/?p=38792]
[URIS id=109557]