Milyonçu Ağa Musa Nağıyevin xəstəxanası Bakıda, indiki Mərdanov Qardaşları küçəsi, 1 ünvanında yerləşib. Bina memar N.Q.Bayevin layihəsi üzrə 1913-ci ildə inşa edilib.
Milyonçunun 27 yaşlı oğlu İsmayıl vərəm xəstəliyinə tutulmuş və dünyanın ən yaxşı xəstəxanalarında müalicə almışdı. Buna baxmayaraq, o, İsveçrədə vəfat etmişdir. Bu səbəbdən Ağa Musa Bakıda xəstəxana inşa etdirmək qərarına gəlir.
Nağıyev 1908-ci ildə adını daşıyacaq xəstəxananın tikintisinə başlayır. O istəyirdi ki, bu xəstəxanada ağır xəstəliklərin müayinəsi həyata keçirilsin və effektiv müalicə işləri aparılsın ki, insanlar, xüsusilə də gənclər onun oğlu kimi həyatdan vaxtsız köçməsinlər. Bu xəstəxana o dövrün müasir tibb avadanlıqları ilə təchiz olunmuşdu. [Dilarə Nağıyeva. Xalq üçün ömrünü şam kimi əridən. Bakı-2006]
Deyilənə görə, Ağa Musa Nağıyev xəstəxananın yerini seçməmişdən əvvəl şəhərin üç yerində qoyun kəsdirib, cəsədin neçə günə xarab olacağı xəbərini gözləyir. Cəsədin birinci yerdə 2 günə, ikinci yerdə 3, üçüncü yerdə 4 günə xarab olduğundan xəbər tutan Ağa Musa məhz 4-cü yerdə xəstəxana tikdirməyi qərara alır. Bakıdan və rayonlardan ora gətirilən xəstələrin və yaralıların müalicəsinin effektivliyi bununla izah edilirdi. Ağa Musa ətraf sahələrdə çox sayda küknar ağacı əkdirir. Bunun səbəbi ağacın vərəm mikroblarına qarşı məhvedici xüsusiyyətə malik olması idi. [Ülviyyə Tahirqızı. Milyonlar içində keçmiş ömür. Xalq Cəbhəsi.- 2013.- 13 sentyabr.- S.13.]
1000 çarpayılıq nəzərdə tutulan xəstəxana Ağa Musanın kiril əlifbası ilə soyadının baş hərfi olan «H» formasında inşa edilir. Xəstəxananın tikintisində antibakterial materiallardan - gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Milyonçu tavanın hündürlüyünün 5 metrə yaxın, pəncərələrin geniş və hündür olması kimi şərtlər qoymuşdu. [Rauf İlyasoğlu. Tikdim ki, izim qala. Respublika.- 2010.- 29 avqust.- S. 4.]
1921-1992-ci illərdə Bakının ən iri xəstəxanası kimi tanınan bu şəfa ocağı sovet dövründə SSRİ-nin səhiyyə sisteminin qurucularından biri olan Nikolay Semaşkonun adını daşıyıb.
1992-ci ildə Musa Nağıyevin adı bu binaya qaytarılıb. Binada uzun müddət Musa Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanası yerləşib. 2010-cu ildən burada Azərbaycan Səhiyyə Nazirliyi yerləşir.