Maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda yeni bir mərhələnin əsası qoyulub. 1875-ci il iyulun 22-də ilk sayı işıq üzü görən və cəmi 56 nömrəsi nəşr olunan qəzet milli mətbuatın formalaşmasında, mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Zərdabi “Əkinçi” ilə Azərbaycanda o dövrə qədər mövcud olmayan mətbuat dili və üslubunun da əsasını qoyub. [“Əkinçi”dən başlanan yol...Mədəniyyət.- 2017.- 26 iyul.- S.6.]
“Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı. Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrinə görə, Bakıya gələn bir fransız müxbiri Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib, onun ziyarətinə getmiş və demişdir: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz... Görünür, siz öz xalqınızı çox sevirsiniz”. [Zeynalov N.N. Azərbaycan mətbuat tarixi I hissə. Bakı-1973] [“Əkinçi” qəzeti - dövrün tarixi salnaməsi. Hərbi And.- 2020.- 24 iyul.- S.14.]
“Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrinin nəşrinə yol açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (Ziyayi-Qafqaziyyə), “Kəşkül” kimi nəşrlər “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 1903-cü ildə “Şərqi-rus”un fəaliyyətə başlaması C.Məmmədquluzadə, F.Nemanzadə, M.Ə.Sabir, A.Səhhət, F.Köçərli kimi demokratik dünyagörüşlü publisistlər yetişdirdi. Milli mətbuatın yeni inkişaf mərhələsi isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə başladı. [“Əkinçi” qəzeti - dövrün tarixi salnaməsi. Hərbi And.- 2020.- 24 iyul.- S.14.]
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir mətbuatın formalaşması və inkişafı üçün imkanlar yarandı, ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradıldı. [https://e-qanun.az/framework/45305]