1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına əsassız ərazi iddialarını irəli sürməyə başladı. Ermənilərin etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırım törətdilər.
Xocalıda həlak olanlar arasında 63 uşaq, 70 qoca, 106 nəfər qadın olmaqla, 8 azərbaycanlı ailəsi tamamilə məhv edilmiş, ümumilikdə ölənlərin sayı 613 nəfərə çatmışdır. Bundan başqa, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.
Soyqırım törədilən gün, həmçinin Xocalının işğal günü kimi də tarixə yazılıb. Yalnız 31 il sonra - 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı Xocalı müzəffər ordumuz tərəfindən azad edilib. Həmin ilin 15 oktyabrında isə Azərbaycanın Prezidenti İlham Əliyev Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.