Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı qeyd olunur. Bu bayramın tarixi 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanunun qəbul edilməsi ilə başlayıb. 16 avqust 2000-ci ildə ulu öndər Heydər Əliyev AXC-nin ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 9 dekabr 1991-ci ildə Respublikanın Milli Şurası “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı. 2002-ci il iyulun 31-də ulu öndər Heydər Əliyev sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb ki, bununla da Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin yeni mərhələsi başlayıb.