Mərkəzi Nəbatat Bağında nadir bitkilər mövcuddur. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Bakıda yerləşən Mərkəzi Nəbatat Bağında 1470-dən çox bitki yetişdirilir. Onların arasında mahoniya, çiyələk ağacı və maqnoliya xüsusi yer alır.
Maqnoliyanın vətəni Şərqi Asiya olsa da, Azərbaycanda da yetişdirilməsi mümkündür.
“Onların iri, lampa şəkilli çiçəkləri olur və ildə bir neçə dəfə çiçəkləyə bilir”, – deyə bağın laboratoriya müdiri Həsən Babayev qeyd edib.
O, həmçinin çiyələk haqda bildirib ki, ağacın özü həmişəyaşıl olmaqla bərabər, həm də ondan dərman düzəltmək mümkündür. Bitkinin istər meyvələri, istərsə də yarpaqları əczaçılıqda müxtəlif dərmanların hazırlanmasında istifadə olunur.
Həsən bəy mahoniya bitkisi haqda da danışıb. O, bu bitkilərin becərilməsinin xeyli çətin olduğunu vurğulayıb:
“Hər şeydən əvvəl onun əkilmə qaydasıdır. Əvvəlcə yer düzgün seçilməlidir. Ondan sonra torpaq strukturu müəyyən olunmalıdır. Orada quyular bir az geniş qazılmalıdır. Quyuya əvvəlcə torpaq, peyin, çürüntü, torf, yeri gələndə şirə və qum doldururuq, sonra su veririk. 1-2 gün qaldıqdan sonra bitkini torpağa əkirik”.