Bakı şəhəri, Səbail, Sabunçu, Nəsimi və Pirallahı rayonlarında bu gün, 28 yanvar gecə və səhər saatlarında baş verən yol-nəqliyyat hadisələrində beş nəfər xəsarət alıb.
Saat 00:00 radələrində Səbail rayonunda 48 yaşlı Mətanət Əkbərova yol qəzasında xəsarət alıb. Qadın işdən çıxaraq piyada zolağı ilə yolun əks tərəfinə keçərkən onu yüksək sürətlə hərəkət edən minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Saat 02:00 radələrində Sabunçu rayonunda iki piyada ağır xəsarətlər alıb. Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində 45 yaşlı Azər Hüseynov və onun qonşusu 42 yaşlı Şəhrud Süleymanov yolu keçərkən onları “Mercedes” markalı avtomobil vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Saat 06:00 radələrində Nəsimi rayonunda “Koroğlu” parkının yaxınlığında yolu keçən 29 yaşlı Siracəddin Mustafayevi avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, yaralı xəstəxanaya çatdırılıb.
Daha bir hadisə bu gün səhər saat 07:00 radələrində Pirallahı rayonunda baş verib. 12 yaşlı Mənsuməxanım Sultanova yolu keçərkən onu avtomobil vurub. Yeniyetmə sol ayağın yerdəyişən sınığı ilə xəstəxanaya çatdırılıb.
Hər dörd faktla bağlı araşdırmalar aparılır.