Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.
İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.
İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.
Bu gün qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.
İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.
Bakuplus.az xalqımızı İlaxır çərşənbə münasibətilə təbrik edir, bayramınız mübarək olsun!