10 mart Azərbaycanın xalq artisti, görkəmli aktyor, gülüş ustası Nəsibə Zeynalovanın anım günüdür.
Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.
Atası Kərbəlai Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunu görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib.
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.
"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974)
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
17 mart 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb.
18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ədəbi-bədii axşam keçirilib. Yubiley gecəsində "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.