Onun qısa, lakin dərin iz buraxan ömrü Azərbaycanın ədəbi xəzinəsinə misilsiz incilər bəxş edib. Hər misrası ilə oxucunun qəlbinə toxunan, sevgi və azadlıq idealını tərənnüm edən Mikayıl Müşfiqin bu gün doğumunun 117 ili tamam olur.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Ədəbi dünyaya "Müşfiq" imzası ilə daxil olan şairin atası müəllim olub və "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. Anasını körpə ikən, atasını isə altı yaşında itirən Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Bu ağır həyat sınaqları onu ruhdan salmayıb, əksinə, zəhmətə və elmə sədaqətlə bağlayıb.
İlk təhsilini rus-Azərbaycan məktəbində alan Müşfiq daha sonra Bakı Darülmüəllimində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxuyub. Uzun illər Bakı məktəblərində müəllimlik edən şairin pedaqoji fəaliyyəti onun poeziyasında insana, xüsusilə də gənc nəslə olan diqqət və sevgini aydın göstərir.
Müşfiqin ədəbi irsi olduqca zəngindir. 1926-cı ildə “Bu gün” adlı ilk şeiri “Gənc işçi” qəzetində dərc olunub. Ondan sonra “Küləklər”, “Bir may”, “Qaya”, “Şəngül, Şüngül, Məngül” və digər kitabları işıq üzü görüb. 1937-ci ildə “Duyğu yarpaqları” ilə ədəbi fəaliyyətinə son nöqtəni qoyan şair, repressiyaların qurbanı olaraq 1938-ci ilin yanvarında güllələnib.
Onun əsərlərində yalnız lirika deyil, vətəndaş mövqeyi, azadlıq aşiqliyi, xalqın dərdi və insan sevgisi əsas yer tutur. “Oxu, tar!”, “Yenə o bağ olaydı...”, “Dilənçi”, “Azadlıq dastanı” və digər əsərləri onun cəsarətli qələmindən süzülüb. Milli musiqimizə, Novruz adətlərinə, ana təbiətə və saf məhəbbətə olan vurğunluğu hər bir misrasına hopub.
Tərcümə fəaliyyəti də unudulmazdır. A.Puşkin, M.Lermontov, Ö.Xəyyam kimi dahilərin əsərlərini ana dilimizə çevirməklə ədəbiyyatımıza zənginlik qatıb.
Baxmayaraq ki, o, 30 yaşına çatmamış həyatdan nakam köçdü, Mikayıl Müşfiq Azərbaycan poeziyasının ölməz simasına çevrildi. Onun irsi bu gün də sevgi, azadlıq, vətənpərvərlik aşılayan canlı məktəbdir.
Şairin xatirəsi əbədiləşdirilib – Bakıda büstü ucaldılıb, yaşadığı evə lövhə vurulub, məktəblərə, küçələrə və mədəniyyət obyektlərinə onun adı verilib. Xızıda isə xatirə muzeyi fəaliyyət göstərir.
Mikayıl Müşfiq – təkcə bir şairin adı deyil. O, milli poeziyamızda insanı, sevgini, azadlığı tərənnüm edən, həssas ürəklərin səsinə çevrilən böyük bir dünyadır.