“Hansı ölkələrdə istilik, qazla bağlı inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artacaq. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək”.
Apa.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli deyib.
Əli Məsimli bildirib ki, insanlar qaz pulunu verə bilməyərək odun yandırmağa keçirlər: “Bu yenilik qəbul ediləndən sonra onun maliyyə tutumu nə qədər olacaq? Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?! Burda heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə gəlirlərimiz də azalacaq, həmin “Azəriqaz”, “Azerenerji” kimi qurumlara dövlət vəsaiti dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”.