“Araz Supermarketlər Şəbəkəsinin Zabitlər Parkı filialından bu səhər aldığım qaymaq məhsulunun daha öncə açıldığını və piştaxtaya geri qoyulduğunu təəssüf ki, çox gec aşkarladım. Bu, istehlakçının etibarına açıq hörmətsizlikdir”.
Bakuplus.az xəbər verir ki, bunu tanınmış jurnalist Ramiz İdrisoğlu bildirib.
O, marketlərdə məhsul nəzarətinin zəif olduğunu vurğulayıb: “Bu gün eyni markanın — "Dr.Milk" ayranının da son istifadə tarixinin 2 iyun olduğunu görəndə anlamalı idim ki, yenə nəsə problem çıxa bilər. Hərçənd onu vitrindən yığışdırmaları üçün işçilərə müraciət etdim. Marketlərdə məhsul nəzarəti niyə bu qədər zəifdir? Niyə keyfiyyətə məsuliyyətlə yanaşılmır? Bu vəziyyətin kökündə çalışanlara aşağı əməkhaqqı, motivasiya əksikliyi və ya təlim çatışmazlığı dayanırsa, bu siyasətə təcili olaraq yenidən baxmağı məsləhət görürəm. Belə halların davam etməsi narahatlıq doğurur. Təhlükəli və məsuliyyətsiz satış siyasətinə qarşı tədbir görməyi gözləyirik”.