Nərimanov rayonunun Akademik Həsən Əliyev küçəsində yerləşən mənzildə 41 yaşlı Namik İsrafilovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Cinayət əməlində təqsirləndirilən 36 yaşlı Rəsul Ağazadə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət ötən ilin aprelində mərhumun Bakının Nərimanov rayonundakı evində baş verib. Məhkəmə zamanı məlum olub ki, qətl tamah məqsədi ilə törədilib. Ağazadə cinayəti törətdikdən sonra zərərçəkmişə məxsus 2 ədəd mobil telefonunu götürərək hadisə yerindən qaçıb.
Daha sonra təqsirləndirilən şəxs onlardan birini 60 manata sataraq, pulu şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində onun qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.
Mərhum N. İsrafilov tanınış vəkil Vasif İsrafilovun qardaşıdır.