4 fevral azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür.
Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Novxanıda anadan olub.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Ancaq 1931-ci ildə Sovet İttifaqında mürəkkəb iqtisadi vəziyyətinə görə Lütfinin ata-anası İrana köçməyə qərara gəliblər.
Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o, Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə edilir.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompüter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət edib. Bakıdakı vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edib. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.